Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşəbbüsü, Azərbaycan Respublikasının Dövlət Vergi Xidməti, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi, Gənc Mühasiblər İctimai Birliyi və Bakı Hesabat Mərkəzinin birgə təşkilatçılığı ilə 2 dekabr 2023-cü il tarixində Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "Rəqəmsal dövrdə mühasibatlıq: Yeni tələblər və çağırışlar" mövzusunda Mühasiblər Forumu keçirildi.
Forum iştirakçıları ilk olaraq Ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyatını və fəaliyyətini özündə əks etdirən eksponatlarla tanış oldular.