Layihənin əsas məqsədi Azərbaycanda qadınların, xüsusən də, yoxsul və sosial cəhətdən təcrid olunmuş qadınların iqtisadiyönümlü səlahiyyətləndirilməsini və müvafiq qərarların qəbul edilməsində iştirakını təmin etməkdir.
Layihə koalisiya formasında icra olunur. Koalisiyada Gələcək Naminə İctimai Birliyi, Gənc Mühasiblər İctimai Birliyi, Dirçəliş İqtisadi Araşdırmalar Cəmiyyəti yer alır. Bu məqsədlə təlimlərin, qadın icmalarının şəbəkələşməsi üçün dəyirmi masaların, “Qadınların Sahibkarlıq və İcma İnkişafı Forumu”nun keçirilməsi, qadınların sahibkarlıq fəaliyyətinin, onların satış məhsullarının tanıdılması və satışlarının artırılması məqsədilə saytın (www.businesslady.az) və ortaq sosial media hesablarının yaradılması, icmaların təbliği, yararlanan iştirakçıların uğur hekayələrini özündə ehtiva edən sosial çarxın hazırlanması kimi fəaliyyətlər yerinə yetirilmişdir.
Belə ki, Gəncə şəhəri, Tərtər, Bərdə, Yevlax, İsmayıllı və Qəbələ rayonlarında mütəxəssislər və ekspertlər tərəfindən hazırlanan təlim proqramları ilə treninqlər keçirilmiş və həmin bölgələrdə sahibkar qadın icmaları yaradılmışdır.
Layihə çərçivəsində nəzərdə tutulan “Qadınların Sahibkarlıq və İcma İnkişafı” Forumu Gənc Mühasiblər İctimai Birliyi, Gələcək Naminə vətəndaş cəmiyyətinin inkişafına dəstək İctimai Birliyi, Azərbaycan Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası, Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyi, BMT və USAİD-nin təşkilatçılığı ilə 20 aprel 2023-cü il tarixində Bakı Konqres Mərkəzində baş tutdu.
Forum iki panel olmaqla keçirildi. I Panelin mövzusu “İcmaların qadınların inkişafında rolu: perspektivlər və problemlər”; II Panelin mövzusu “Qadın sahibkarlığının inkişafı: təcrübə, imkanlar və nailiyyətlər” idi.
Forum dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə baş tutdu.